Geyimlə qarşılanır, danışıqla yola salınırıq
Qəşəng geyimdə bərbad danışıq ipək parçada tullantıya bənzəyir.
İnsan haqqında ilk təsəvvürü geyimi formalaşdırır.
Nimdaş geyimdə şirkət başçısı olsan belə adi mağazaya belə buraxmayacaqlar.
Əlbəttə əgər kim olduğunu bilmirlərsə.
Qarşılandıqdan sonra isə nitqimiz yola salınma şəklimizi müəyyən edir.
Bəzən yuxarı vəzifələrə zəhmətlə, dişi və dırnağı ilə didərək gəlib çıxanlar geyimlərinə on minlərlə manat xərcləyib xeyli zaman ayırdığı halda nitqlərinə vaxt ayırmır.
Kütlə qarşısında çıxış edərkən həyəcandan tir-tir əsirlər.
2 nəfər qarşısında qısa söhbət etdikdə necə davranacaqlarını, əllərini necə işlədəcəklərini, hansı mimika ilə hansı tonda danışacaqlarına qərar verə bilmirlər.
Bütün fərqli liderləri birləşdirən ortaq bir xüsusiyyət var.
Demək olar ki, hamısı çox təsirli danışır.
Bu siyahıya ABŞ, Almaniya və digər dövlət liderlərindən onlarla nümunə çəkmək olar.
Lakin mən öz liderlərimiz - Rəsulzadə və Əliyevdən nümunə göstərəcəyəm.
Bu gün 28 May Müstəqillik günüdür(əvvəlki Respublika günü).
107 il əvvəl mübarizə aparan qurucu babalarımızı - başda Məhəmməd Əmin Rəsulzadə olmaqla dərin hörmətlə anırıq.
Danışarkən bir neçə elementə diqqət etməliyik.
Jest
Mimika.
Səs.
Hekayətçilik.
Sonsuz sayfa jestlər var. Lakin 5-i hər yerdə işlədilən təməl hərəkətlərdir.
Sakitləşdirici(placater).
Hamarlayıcı(leveler).
Günahlandırıcı(blamer).
Kompüter.
Yayındırıcı(distractor).
Səsin 4 fərqli xüsusiyyətləri var.
Ton(pitch).
Gurluq(volume).
Sürət(speed).
Pauza(pause).
Hekayətçiliyimizi inkişaf etdirə bilmək üçün konkret üsullar var.
Danışarkən bütün bu elementlər rol oynayır.
Pauza və ritm(ahəngin) isə düşündüyümüzdən də çox-çox önəmlidir.
Rəsulzadənin nitqinə fikir verək.
Heydər Əliyevin nitqini dinləyək.
Yuxarıda sadaladığım bütün elementləri bu səslərdə hiss etdinizmi?
Xüsusilə də ritm və pauzaları.
Diksiya müəllimləri çıxışlarında Azərbaycan dilindəki ləhcə və [C] və [Ç] səsinə fokuslanır.
Problem isə qətiyyən bu səslər və ləhcə deyil, yuxarıda sadaladığım elementlərdir.
Ləhcə baldır, şəkərdir. İnsanın kimliyini(identifikasını) göstərən əlamətdir.
Onu dəyişmək haradasa qeyri-mümkündür.
Ləhcən kiminsə qulağını deşirsə, onun qulaqlarında problem var, ləhcəndə yox.
Buna nümunə kimi indicə dinlədiyin Rəsulzadənin öz ləhcəsində, Əliyevin də öz ləhcəsində danışığını eşitdin.
Hətta aşağıdakı nitqdə Əliyev xaricdə gənc həmvətənlərimizlə görüşdə “dilııııızı itirmiyin, dinıııızı itirmiyin, milliətııııııızı qoruyun” ifadəsini Naxçıvan ləhcəsində işlədir.
Bu da sübut edir ki, ləhcə qətiyyən problem deyil və onu düzəltmək 60 il ölkəyə rəhbərlik etmiş şəxsdə belə dəyişmir.
Hazırda Google şirkətinin direktorunun danışığına fikir versəniz, Hindistan ləhcəsində ingilis dilində danışır.
Əksinə kimliyimizi qəbul etməli və onla qürur duymalıyıq.
Problem ləhcə yox, artikulyasiyadır.
Diktor olacaqsınızsa, xeyli məşq edib ləhcənizin sizə verdiyi unikallığı kənara qoyub xəbərləri təqdim edərkən maksimum neyral dildə və emosiyada danışa bilərsiniz.
Lakin bu, cəlbedici danışıq deyil, AzTV-nin xəbər aparıcısının danışığıdır.
Yox, lider olacaqsınızsa, ləhcənizdən qurtulmağa qəti ehtiyac yoxdur.
Nəinki Azərbaycan dilində, ingilis dilində belə ortaq qəbul edilmiş neytral ləhcə yoxdur.
Hər kəs öz öyrəndiyi ləhcə ilə danışır.
Yuxarıdakı elementləri inkişaf etdirərək artikulyasiyamızı inkişaf etdirməyimiz kifayətdir.
Diksiya və natiqliklə bağlı təlim verənlərin əksəriyyəti sizə öz xidmətlərini satmağa çalışır.
Burada qəbahət bir şey yoxdur.
Lakin həmin şəxslərin öz çıxışlarına diqqət etsəniz, yuxarıda qeyd etdiyim meyarlar üzrə xeyli qüsurlar görə bilərsiniz.
Mən isə proqramçıyam və bu mövzuda sizə heç nə satmıram.
Bir neçə ildir ki, bu mövzuda araşdırma apararaq, kitablar oxuyaraq, beynəlxalq ekspertlərin kurslarına qatılaraq və öz ictimai çıxışlarımda etdiyim yanlışlardan öyrəndiklərimi sizlə bölüşürəm.
Lider doğulmurlar, lider olurlar.
Bir nəfər belə nəyisə bacarıbsa və burada fiziki göstəricilər rol oynamırsa, deməli siz də həmin insan kimi ola bilərsiniz.
Bu videoda çıxışa necə hazırlaşmalı, çıxış boyu necə davranmalı, çıxışdan sonra necə təhlil etməli olduğunuzla bağlı öyrənəcəksiniz.
Kim bilir, bəlkə də bu videonu izləyənlərin arasından gələcəyin növbəti Rəsulzadəsi və Əliyevi çıxacaq.
Özünüzə və nitqinizə yaxşı baxın.
Hələlik.
Çox gözəl yazıdır. Sonadək maraqla və diqqətlə oxudum. Hər zaman belə araşdırmacı və yazma həvəsində olmanı diləyirəm. Qələminə qüvvət!👏🏾
Maraqlı yazıdır. Təşəkkür