Növbəti 10 ildə dəyişilməyəcək bacarıqlar
Eynşteyn deyib ki, bir şeyi ki, dəftərçəyə yazmaq mümkündürsə, onu niyə yadımda saxlayım?
Dayanmadan inkişaf edən və dəyişən texnologiya sahəsində sabit qalan, dəyişilməyən şeyləri öyrənmək çox əhəmiyyətlidir.
Yeni proqramlaşdırma dillərini, freymvörkləri və alətləri öyrənmək nə qədər gərəklidirsə, zamandan asılı olmayaraq dəyişməyən şeyləri öyrənmək də eyni dərəcədə vacibdir.
Bir proqramçının gördüyü işin özəyi problem həlletmə bacarığıdır.
Hansı proqramlaşdırma dilinin, platformasının dəbdə olmasından asılı olmayaraq problemi təhlil etmək, analiz etmək və təsirli həllər yaratmaq əsas olaraq qalacaq.
Problem həlletmə bacarğına diqqətimizi cəmləmək bizə önümüzdəki illərdə də sədaqətlə fayda verməyə davam edəcək.
Digər dəyişilməyən bacarıqlardan biri təsirli ünsiyyət qurmaqdır.
Əməkdaşlıq mühitində ideyalarımızı başqalarına ötürə bilmək, həlləri müzakirə etmək komandanın bir parçası kimi işləyə bilmək əvəzsizdir.
Mürəkkəb alqoritmi iş yoldaşımıza izah etmək, layihənin tələbləri haqqında fikir mübadiləsi aparmaq və qeyri-texniki əməkdaşlara işi aydın şəkildə təqdim etmək həmişə axtarılan bacarıqlar olacaq qalacaq.
Üstəlik öyrənmə bacarığını inkişaf etdirmək ölüm-qalım məsələsidir.
Ömrü boyu öyrənmə düşüncə tərzini mənimsəməliyik.
Texnologiyanın sürəti ağlasığmaz olsa da, öyrənmə bacarığı sabit olaraq qalacaq.
Tələb olunan biliyin nə olduğunu araşdırıb tapmaq, sənayenin trendlərilə ayaqlaşmaq və yeni texnologiyalara uyğunlaşmaq bizi ehtiyac olunan mütəxəssislərdən edəcək.
Unutmamalıyıq ki, öyrənmək yalnız yeni proqramlaşdırma dilini və texnologiyanı deyil, bununla yanaşı dəyişməz olaraq qalan daha geniş konseptləri öyrənib dərindən başa düşməkdir.
Aşağıdakı sahələr zamandan asılı olmayaraq bizə gələcəkdə də xidmət edəcək bilik və bacarıqlardan olacaq.
İşlədiyin sahəni başa düşmək.
Proqramlaşdırma bacarığı ən ümdə məsələ olmaqla yanaşı, işlədiyimiz sahəni dərindən bilmək istifadəçinin həqiqi ehtiyacını ödəyəcək həlli ortaya qoymağa imkan verəcək.İnsani keyfiyyətlər.
Dünya get-gedə bir-birinə daha da bağlanmış şəklə gəlir.
Buna görə də empatiya, uyğunlaşma və mədəni duyarlılıq çox vacibdir.
Bu bacarıqlar bizim tamamilə fərqli komandalarda işləmə qabiliyyətimizi artıracaq, texnologiyanın insani tərəflərini anlamağımıza kömək edəcək.Kibertəhlükəsizliyin fərqində olmaq.
Dataların artan sürətlə çoxaldığı dövrdə rəqəmsal təhlükəsizlik prinsiplərindən xəbərdar olmaq hər zaman tələb olunan məharətlərdən olacaq.Data elmi və süni zəka.
Gələcək datalardan ibarətdir.
İşlədiyimiz proqramlaşdırma sahəsindən asılı olmayaraq data elmi və süni zəka bilikləri karyera imkanlarını həmişə artıracaq
Xülasə, dayanmadan inkişaf edən proqramlaşdırma dəryasında üzərkən unutmamalıyıq ki, alətlər və texnologiya dəyişə bilər.
Problem həlletmə, doğru ünsiyyət və davamlı öyrənmə həmişə dəyişməz olaraq qalacaq.
Bu vaxtsız prinsiplərin ətrafında strategiya qursaq növbəti 10 ildə proqramlaşdırma dünyasında baş verəcək istənilən dəyişikliyə qabaqcadan hazır olacağıq.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi Leyli və Məcnun poemasında sorğulamaq bacarığının öyrənmək üçün nə qədər əhəmiyyətli olduğundan danışır.
Toxum göyərsə də torpaqdan, sudan,
Bu sirri axtarıb tapmamış insan.
Toxumu bəsləyən torpaqdır ancaq.
Ona şəkil də mi verir bu torpaq?
Ötən buraxılışımızda proqramlaşdırmaya necə başlamaq və uzaqdan(remote) işlə bağlı Azərbaycan dilində yüksək keyfiyyətli audiosu olan video paylaşmışdım.
İzləməmisənsə buradan izləyə bilərsən.
Bu cür məzmunlar maraqlı gəlirsə, həmin yutub kanalına abunə ola bilərsən.
Gələn həftə görüşərik.
Özünə yaxşı bax!
Xoşuna gəldisə, dostlarınla paylaşsan şad olaram.
👍