

Discover more from Tural Əsgər
Önəmsizlik qanunu(Law of Triviality)
Proqramı necə yazdığınıza qarışmıram, amma adına mən qərar verəcəyəm
Bir neçə mühəndisdən ibarət komanda iclas otağında əyləşib yeni yazılacaq funksionallığı müzakirə edir.
Onlar çox qısa vaxtda hansı API və hansı verilənlər bazasından istifadə etməyi qərara alırlar.
Bütün müzakirə 10 dəqiqədən çox çəkmir.
Sonra mühəndislərdən biri sual verir, bəs yeni funksionallığın adını nə qoyaq?
Yarım saat keçir və hələ də onlar adın nə olması ilə bağlı müzakirələrini davam etdirirlər.
Diqqət etdinizsə, ən önəmli olan şeylərin müzakirəsi 10 dəqiqə çəkmədiyi halda təkcə adlandırma üzərində 1 saata yaxın müzakirə gedir.
Bu davranış ingilis dilində “bikeshedding” və ya “Parkinsonun Önəmsizlik Qanunu”(Parkinson’s Law of Triviality) kimi məşhurdur.
Önəmsizlik qanunu ən vacib məsələlərə fokuslanmaq əvəzinə zamanın çoxunu önəmsiz şeylərin müzakirəsinə sərf etməyə deyilir.
Proqramlaşdırma ilə məşğul olan hər kəs buna bu və ya digər formada rast gəlib.
Ciddi müzakirələr dərin düşüncə, bilik və zəhmət tələb edir.
Amma bundansa biz həmişə mövzunun kiçik, çox da önəmli olmayan detalını seçib onun üzərində mübahisələrimizi edirik.
Vaxtında diqqət yetirilməzsə, komanda vaxtın əhəmiyyətli hissəsini sistemə heç bir təsiri olmayan bu cür mənasız detalların necə həyata keçirilməsini müzakirə etməklə keçirəcək.
”Bikeshedding” terminin haradan gəldiyini bilmək istəyirsinizsə, oxumağa davam edin.
Nəhəng elektrik stansiyasının tikintisi üçün bir neçə mühəndis bir araya gəlir.
Tikinti barəsində verilməli olan mürəkkəb qərarları müzakirə etmək yerinə 1 saatı velosipedlərin qoyulacağı kiçik əl damının(kiçik anbar) hansı rəngdə olması ilə bağlı müzakirəyə sərf edirlər.
Velosiped 👉 Bike, əl damı 👉 shed.
Beləliklə bu deyim “bikeshedding” adlanır
Niyə önəmsiz şeylərə fokuslanırıq?
Hər kəs nəyin müzakirə edilməsinin daha əhəmiyyətli olduğunu bildiyi halda niyə bəs adi şeyləri danışmağı üstün tuturuq?
Müzakirə iştirakçılarının haqqında danışılan mövzuya nə qədər hakim olub-olmamasından asılı olaraq bu problem yaranır.
Mövzu çoxtərəfli olduqca onu başa düşmək də çətinləşir.
Mürəkkəb qərarların verilməsi üçün bütün faktorların nəzərə alınmağı tələb olunur ki, bu da asan tapşırıq deyil.
Biz nəyisə tam başa düşmürüksə, onun haqqında fikir yürütməkdən çəkinirik.
Amma önəmsiz şeylər heç bir dərin bilik tələb etmədiyinə görə hər kəs onları rahatlıqla, çəkinmədən müzakirə edə bilir.
Sərhədlər harada başlayır və harada bitir?
Bəzi situasiyalarda önəmsiz detalların çox qısa da olsa, müzakirəsi qaçılmazdır və hətta bunda önəmli detalların üzə çıxması üçün fayda da var.
Önəmli hissələri müzakirə etdikdən sonra iş yoldaşlarının REST API URL formatının hansı formada olması üzərində mübahisə etməsinə göz yummaq olar.
Amma bunun çox çəkməməsi lazımdır.
Əks halda bu zəif liderliyin göstəricisidir.
Bəzi mövzular insanları qütbləşdirir və qərar vermək çətinləşir, bu da danışdığımız əhəmiyyətsiz detalları müzakirə etməyə insanları şirnikləndirir.
Belə hallarda lider müzakirəni daha verimli hissəyə yönəltməlidir.
Kiçik detallar haqqında yanlış qərarlar vermək qəbulediləndir, əhəmiyyətli qərarlarda isə yolverilməz.
Atalar sözlərində deyildiyi kimi “Bilməmək eyib deyil, soruşmamaq eyibdir”.
Gələn həftə görüşərik.
Özünə yaxşı bax!
Xoşuna gəldisə, dostlarınla paylaşsan şad olaram.
Mənimlə bağlı bütün məlumatlar 👉 www.turalasgar.com
Önəmsizlik qanunu(Law of Triviality)
👍