

Discover more from Tural Əsgər
Qorxulu bir sirr deyirəm, 10x developer olmaq istəyirəm
Komanda oyunçusu ol, Azərbaycan futbolçusu yox
Sən özün məqsədlərinə uğursuzluğa uğramadan çatmaq istəmirsən guya?
Amma təəssüf ki, bəzən hər şey yağ kimi getdiyi halda, bütün problemləri göz qırpığımında həll edə bildiyin halda, bəzən də günün sonunda baxırsan ki, demək olar heç bir iş görə bilməmisən.
Buna görə də daim effektivliyini qoruyan və yüksək keyfiyyətli kod yazan developerlərə həmişə heyranlıq duyulur.
Sual budur ki, bu cür super verimli professionallar həqiqətən də mövcuddurmu?
Onlardan biri ola bilmək mümkündürmü?
10x developer eyni sahədə, eyni biliyə malik olan digər developerdən 10 dəfə artıq verimli birinə deyilir.
Bu da o deməkdir ki, 10x developer verilən vaxt ərzində digər developerlərdən 10 dəfə daha çox tapşırığı 10 dəfə daha yaxşı yazaraq icra edir.
Bu mövzu ilə bağlı da proqramlaşdırma sahəsində fikirlər həmişəki kimi haçalanır.
Bəzən tapşırıq yaxşı tanış olduğun kontekstdə olur və bu tapşırığı sən digər developerlərdən nəinki 10 hətta 100 dəfə daha tez və daha keyfiyyətli edə bilirsən.
Kod bazası ilə tanışsan, biznesin necə işlədiyini əlinin içi kimi bilirsən və tapşırığı icra edərkən qarşılaşacağın heç bir sual, maneə və başqalarından asılılıq olmur.
Digər tərəfdən baxsaq proqramlaşdırma əjdahalarından Con Karmakı hansısa veb layihənin yarısında komandaya daxil etsək, onun proqramlaşdırmadakı dərin bilikləri onun veb layihəni yazmasına nəinki töhfə verməyəcək, hətta mane olacaq, beləliklə o qətiyyən effektiv ola bilməyəcək.
Bu cür şəxslər konkret fokuslandıqları sahələrdə işləyirlər.
Con özü təbii ki, maraqlarının uyğunlaşmadığı layihələrdə işləməz, bu ayrı müzakirə mövzusudur.
Bu fikirlərin hansının doğru və yanlış olmasından asılı olmayaraq verimliliyi artırmaq mümkündür.
Öyrənməyə davam et.
Bir sahədə ustalaşarkən, gördüyün iş ətrafında gedən digər proseslərlə də tanış ol.Özünü məhdudlaşdırma.
İş prosesini optimallaşdır.
Səni yavaşladan şeylərin nələr olduğunu tap və aradan qaldrmaq üçün tədbirlər gör.
Bu, aydın olmayan texniki-tapşırıq, zəif komanda kommunikasiyası, motivasiyanın düşməsi, əqli yorğunluğun və s. ola bilər.
Zaman və enerjini düzgün idarə et.
Bu iki şey verimliliyin ən əsas sütunlarındandır, ona görə zamanı və enerjini düzgün paylaşdırmağı mütləq öyrən.
Qısa yolları öyrən. Bu, böyük kod bazasında işləyərkən kod oxumağı, axtarmağı, irəli-geri hərəkət etməyi - proqramlaşdırma prosesini sürətləndirir
Məhsuldarlığı artıran alətlərdən istifadə et.
Hansısa süni zəka aləti sənə kömək ola biləcəksə, istifadə et.
Zaman izləmə proqramı, proyekt menecment proqramı, komanda əməkdaşlıqları ilə bağlı proqramlar işinə yarayacaqsa, işlət.
Komanda oyunçusu ol, Azərbaycan futbolçusu yox
Təkbaşına 10x developer olsan da heç kimlə müzakirə etmədən yalnız oturub kod yazıb tapşırığı bitirə bilməzsən.
Çünki hazırda software development komanda işidir.
Tapşırığın başqalarından asılı olduğu hissələr olur.
Bu həm texniki həm də administrativ nöqteyi-nəzərindən ola bilər.
Sənin həll etməli olduğun tapşırıq başqa şirkətdən ödənişlə alınan alətlərdən asılı ola bilər ki, bu halda da həmin şirkətin əməkdaşları ilə fikir alışverişi etmək, əlaqə saxlamaq, onlardan öyrənmək tələb oluna bilər.
Özünə boy demə.
Komanda yoldaşından 10 dəfə də güclü olsan belə, onları səndən hansısa mövzuda geri qaldığına görə tənqid etməkdən çəkin.
Unutma ki, təcrübəsi səndən daha az olan developerdən 10 dəfə irəlidə olmağın səni 10x developer etmir.
Hər dəfə başqalarında səhv tapmaq, özünü hamıdan üstün görməyin sənin iş əxlaqının(etikasının) aşağı olduğunu göstərir və komandanın iş motivasiyasını aşağı salır, daha effektiv və məhsuldar olmaqlarına imkan vermir.
10x olmaq istəyirsənsə, səndən zəif komanda yoldaşlarına bilik paylaşımları edərək kömək etməlisən.
Çünki zəncir ən zəif halqası güclü olduğu qədər güclüdür.
Bilik isə paylaşıldıqca artır.
Atalar sözlərində deyildiyi kimi developer 10x olanda, başını aşağı əyər.
Gələn həftə görüşərik.
Özünə yaxşı bax!
Yazı xoşuna gəldisə, dostlarınla paylaşa bilərsən.
Mənimlə bağlı bütün məlumatlar 👉 www.turalasgar.com
Qorxulu bir sirr deyirəm, 10x developer olmaq istəyirəm
👍