

Discover more from Tural Əsgər
Son zamanların qızğın müzakirə mövzularından biri də də bir sahədə ixtisaslaşmış mütəxəssislə hər sahədən anlayışı olan mütəxəssislərin müqayisə edilməsidir.
Hər şeydən başı çıxan mütəxəssis
Çoxlu bacarıqlara yiyələnir.
Yeni konseptləri, fərqli alətləri və proqramlaşdırma dillərini öyrənir.
Öyrəndiklərinin heç birini dərindən bilmir.
Çünki diqqəti dərindən öyrənməyə versə, çoxlu bacarıq öyrənə bilməyəcək.
İxtisaslaşmış mütəxəssis
Konkret texnologiya və alətlərə fokuslanır.
Həmin sahələrə dərindən yiyələnir.
Bu ona çox incə problemlərin və mürəkkəb tapşırıqların öhdəsindən gəlməyə imkan verir.
İxtisaslaşmanın özünün də məhdudlaşdırıcı tərəfləri var.
Bütün enerjini bir sahəyə sərf etmək uzun vədədə faydalı yatırım olmaya da bilər.
Proqramlaşdırma sahəsi yeni metodları sınaqdan keçirərək təkmilləşən sahədir.
Artıq başa düşməyə başlamışıq ki, bizim qarşılaşdığımız problemlər ənənəvi sənayenin problemləri ilə eyni deyil.
Ona görə də proqramlaşdırma məhsulunun hazırlanmasına, fiziki məhsulun hazırlanması kimi yanaşmamalıyıq.
Biz məhsulu daha tez ortaya çıxara , tez-tez dəyişikliklər edə ən əsası isə məhsulu hazır edib bitirənə yaxın ona ehtiyac olmasa, kənara qoya bilirik.
Elə bu sadalananları edə bilməyimiz şirkətləri daha ağıllı yollar axtarmağa sövq edir.
Daha ağıllı yolları yoxlamaq üçün isə fərqli bacarıqlara malik mütəxəssislərə ehtiyacı yaranır.
Əvvəl iş necə gedirdi?
Tapşırıqlar resurslara görə planlaşdırılırdı.
Yəni hazırlanacaq funksionallıq üçün çoxlu bəkend mütəxəssisə ehtiyac varsa və bütün PHP developerlərimiz məşğul idisə, bu iş təxirə salınırdı.
Çünki bu işi görəcək kifayət qədər PHP developerimiz yox idi.
Bu da şirkətlərin işəgötürməsində problem yaradırdı.
Şirkət üzərində işlədiyi xüsusiyyət üçün lazım olan bəkend və frontend developerlər işə götürürdü.
Şirkətin gördüyü işlərin istiqaməti dəyişən zaman isə xeyli proqramçı bikar qalırdı.
Və şirkət pul itirməyə başlayırdı.
Bu hal baş verdikdə mütəxəssislər normalda etmədiyi tapşırıqları etməyə məcbur qalır.
Məsələn, o düşünür ki, bu şirkətdə .NET texnologiyaları ilə işləyəcək, lakin iş elə gətirir ki, indi o Java istifadə etməlidir.
Vaxtını fərqli proqramlaşdırma dili və alətlərə yiyələnməyə sərf edən mütəxəssisin motivasiyası bəzən alt-üst olur.
Bu pis planlaşdırma göstəricisi olsa da, şirkəti də başa düşməkdə fayda var.
İnsanlar bilik və bacarıq toplusuna sahib olduqlarına görə işə götürürlər, lakin müəyyən məqamda şirkətin istiqaməti dəyişir.
Bazara yeni rəqib girir, istifadəçilərin vərdişləri dəyişir və ya da qeyd etmədiyimiz hansısa başqa bir önəmli dəyişiklik baş verir.
Biznesə müasir dünyanın dəyişikliklərinə sürətlə uyğunlaşa bilən developer lazımdır.
Sabah Devops işə çıxmayanda proqramçı *dəvəsi ölmüş ərəbə* dönməməlidir.
Yaxşı olar ki, komandada istənilən şəxs UI tərəfdə kiçik dəyişiklik etmək, "CI pipeline"ın kiçik xətasını tapa bilmək kimi balaca işləri müəyyən səviyyədə görə bilə.
Təbii ki, demək asandır, etmək isə çətin.
Fərqli sahələrdə verimli olmaq üçün illər sərf edilməlidir.
Həmçinin bunun üçün məhsulun ərsəyə gətirilməsindəki fərqli hissələrdə iştirak edə bilmək mümkün olmalıdır ki, bu da hər şirkətdə mümkün olmur.
Sən bəkend developersənsə, yalnız öz kodunu yazırsan.
Onun yayına verilməsinə, istifadəçi interfeysi ilə birləşdirilməsi və digər hissələrinə qarışa bilmirsən.
Hazırda gəldiyimiz nöqtə odur ki, işçi bir sahəni dərindən bilsin, lakin digər bacarıqları da müəyyən səviyyədə öyrənsin.
Biliklərin bölüşdürülməsi T hərfinə bənzədiyinə görə belə mütəxəssislər T formalı mütəxəssislər adlandırırıq.
T hərfinin üfüqi xətti müxtəlif bilikləri, şaquli xətti isə bir mövzuda ixtisaslaşmağı təsvir edir.
Şaquli xətt(yuxarıdan aşağı olan) uzun olduğuna görə bir sahədə ekspert olmağı göstərir.
Öz proqramının görünüş tərəfini müəyyən yerə qədər yaradıb yayınlaya bilən bəkend developer bu kateqoriyaya aiddir.
Eyni zamanda UI mütəxəssisi olub hansısa bəkend proqramlaşdırma dillərində düzəlişlər edə bilən developer də T formalı developerdir.
Beləliklə bu cür işçilərin sayəsində funksionallığın hazırlanması developerlərin məşğul olub olmamasına görə deyil, funksionallığın əhəmiyyətinə görə prioritetləşdirilir.
Elə bilmə ki, bu mütəxəssislər istənilən işin öhdəsindən layiqincə gələ bilər.
T formalı mütəxəssislərin də öz çatışmazlıqları var.
Onların geniş bacarıqları hər yerdə fövqəladə yaxşı ola bilməz axı.
Bəzən biznes yanlış olaraq bu mütəxəssislərin hər mövzuda ekspert olduğunu düşünür.
Elə deyil.
Bu kəslər fərqli texnologiyalara cəld uyğunlaşa bilirlər.
Ancaq onların ekspert olduğu konkret bir sahə var.
Bir şəxsin bulud texnologiyalarında, mikroservis arxitekturasında, istifadəçi interfeysində mütəxəssis olması real görünmür.
Developerlər ehtiyac olduğu təqdirdə dondan-dona girə, işin getməsi üçün müəyyən qədər bir-birini əvəzləyə bilərlər.
Lakin onların əsas güclü olduğu tərəfləri bilmək çox əhəmiyyətlidir.
Əks halda biz yenidən hər şeydən başı çıxan mütəxəssislərin ciddi ekspert biliyi tələb edən yerdə qərar verdiyini görəcəyik.
Müzakirəni dahi Azərbaycan şairi Nizami Gəncəvidən 4 misra ilə yekunlaşdırıram.
Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi(o elmə aid olan hər şeyi) kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Gələn həftə görüşərik.
Özünə yaxşı bax!
Yazı xoşuna gəldisə, dostlarınla paylaşa bilərsən
Bu cür yazıları oxumaq istəyirsənsə, həftəlik bülletenimə abunə ola bilərsən.
Səni yormayacağıma söz verirəm, həftədə cəmi 1 email göndərəcəyəm.