Proqramlaşdırma - Uzaqdan işlə yaxından tanışlıq
Uzaqdan işləyən developer öz vətəninə daha çox xidmət edir
Muzdlu qatil ilk sifarişini yerinə yetirdikdə dəhşət içərisində olur.
Həmin gün qorxulu yuxular görür.
Növbəti qurbanlarında isə çox rahat olur və hər şey adiləşir.
İlklər ağrılı olur.
Bütün istədiklərini əldə etmiş bəzi milyonçu və milyarderlər kütlə önündə çıxış etməyi ölümdən də betər sayırlar.
Bu iki halın hər ikisi mənə aid idi.
1. Kütlə önündə çıxış etməli idim.
2. Bunu ilk dəfə idi edirdim.
Təlimdən əvvəl bütün çıxış mətnini qeyd etdim, mətni tam oxuyub səsimi yazdım, 2 dəfə öz səsimi dinlədim, dəfələrlə mətni tam şəkildə oxudum.
Təlimə bir gün qalmış isə kiçik kağızlarda mətnin əsas mövzularını qeyd etdim.
Maraqlı məqamlardan biri o idi ki, mənim nitqim yarım saat, sual və cavab isə 1 saat yarım çəkdi.
Təlimin bütöv videosunu buradan izləyə bilərsiniz.
İddia edirəm ki, indiyə kimi səs keyfiyyəti bu qədər yüksək olan təlim dinləməmisiniz, hətta xarici təlimlərdə belə.
Video isə 4K ölçüsündə çəkilib.
4 mövzu ətrafında danışdım.
1. Mənim hekayəm.
2. Proqramlaşdırmaya necə başlamalı.
3. Uzaqdan iş və əlavə bacarıqlar.
4. Reallıq.
5. Sual və cavab.
Yazı oxumağı video izləməkdən üstün tutursunuzsa, getdik.
Mən hekayəm.
2015-ci il hərbi xidmətdən geri qayıtmışam, Naxçıvandayam. Sentyabr ayında magistratura oxumaq üçün Bakıya gedəcəyəm amma getməyimə hələ 3 ay vaxt var. Proqramlaşdırma öyrənməyi ürəkdən istəyirəm. Həm marağım çoxdur, həm də artıq müstəqil həyata atılmaq vaxtıdır. Feysbukda Tural Süleymaninin PHP dərslərinin hansısa bayramla əlaqədar endirimə düşdüyünü gördüm. Tural müəllim həmin dərsləri CD-ə yazıb poçtla Naxçıvana göndərdi və hər şey beləcə başladı. Sentyabr ayıdır Bakıdayam, iş axtarışına başladım. 50 şirkətə CV göndərdim. Yalnız birindən cavab gəldi. Girdim həmin şirkəti araşdırım, elə iş elanının aşağısındakı rəylər bölməsində yazılmışdı ki, işədüzəltmə şirkətidir, blank doldurub 10 manat alıb yola salacaqlar. 🙂 1 ay beləcə iş axtarışında oldum, sonra qohumlardan biri şirkətində pdf kitabı html və css ilə yazan birinə ehtiyac olduğunu dedi və mən orada işə başladım. İlk işdə maaşım 250 manatdır. Bir az əvvələ qayıdaq, universitet vaxtı qrup yoldaşım Orxan Səmədov mənə Oracle sql-i öyrətmişdi. İngilis dilini isə 2-ci kursun sonlarından bəri özüm aktiv şəkildə öyrənməyə başlamışdım. İngilis dilini vaxtında yaxşı öyrənmişdim deyə öyrənmə platformalarından proqramlaşdırma ilə bağlı dərsləri izləyərək özümü inkişaf etdirirdim. Azərbaycanda daha 2 iş yeri dəyişdikdən sonra, uzaqdan Ukrayna şirkətlərindən biri ilə işləməyə başladım. Oradakı müharibə vəziyyətinə görə yenidən iş axtarışına başladım və bu dəfə 2 işə qəbul oldum. Almaniyadakı iş elanını İlkin Əlibəylinin paylaşımında gördüm və özü ilə əlaqə yaratdım. Bu prosesdə mənə lazım olduğundan da çox dəstək oldu. Almaniyadakı şirkətlə davam etməyə qərar verərək digər işi qəbul etmədim. Hazırda qərargahı Polşada yerləşən Diceus şirkəti ilə işləyirəm. Bu şirkətdə də Azərbaycandan bir neçə developer işləyir. Qız atasıyam. Təlimlə bağlı elanda mənlə bağlı “qız atasıyam” hissəsini çıxarmışdılar, mən də özümə söz verdim ki, bu barədə qısa da olsa, danışım. Qadınların təhsil alması niyə çox önəmlidir?
1 kişinin təhsil alması bir nəfərin yetişməsi olduğu halda, bir qadının təhsil alması bir ailənin təhsilli olmasıdır.
Kişilər fiziki olaraq güclü olduqlarına görə, hər şeyi güc ilə həll etməyə çalışarkən, qadınlarda bu güc zəif olduğuna görə onlar hər hansı problemi daha yaradıcı yollarla həll edirlər. Dünyada ilk proqramçı da qadın olub. Ada Lovelace. Əvvəllər avtomobillərin şüşəsilənləri olmayıb. Qar yağdıqda bir neçə dəqiqədən bir sürücülür düşüb şüşəni silirdilər və davam edirdilər. Mary Anderson adlı qadın görür ki, bu hədsiz tıxac yaradır və ilk şüşəsiləni icad edir.
Proqramlaşdırmaya necə başlaya bilərəm?
Hansı dilləri öyrənməliyəm, hansı yol xəritəsini izləməliyəm, riyaziyyatı hansı dərəcədə bilməliyəm?
Proqramlaşdırma çoxşaxəli sahədir. Ən birinci hansı sahəni öyrənməyinizə qərar verirsiniz. 1 ay araşdırmaqda və fərqli-fərqli sahələri yoxlamaqda olursunuz. Sahələrlə bağlı yutub videosu izləyirsiniz, məqalələr oxuyursunuz, sadə kod nümunələrini götürüb etməyə çalışırsınız. 1 ay sonra hansı sahə ilə davam edəcəyinizə mütləq qərar verməlisiniz, əks halda bu proses 1 ildən bir neçə ilə qədər davam edəcək və siz sadəcə vaxt itirmiş olacaqsınız. Sahə ilə bağlı yol xəritəsi tapmaq üçün axtarış saytına daxil olub hansı sahəni seçmisinizsə onun adı və ardınca roadmap yazırsınız. Deyək ki, mən backend developer olmaq istəyirəm və proqramlaşdırma dillərindən PHP-ni seçmişəm yazıram ki, backend php roadmap yaxud frontend react roadmap. Yaxşı və pis şaxə yoxdur. Yaxşı və pis proqramlaşdırma dili də yoxdur. Sadəcə proqramlaşdırma dilini seçərkən o dil və işlədilən platformaların sizin işləməyi hədəflədiyiniz ölkələrdə məşhur olduğuna diqqət edin ki, iş axtararkən seçdiyiniz şaxə və dildə iş vakansiyaları azlığından əziyyət çəkməyəsiniz.
Kurs, video, kitab, məqalə?
Bu artıq sizin şəxsi seçiminizdir. Siz hansı vasitə ilə öyrənə bilirsinizsə, o vasitədən də istifadə edin. Məsələn, mən heç bir kursa getməmişəm. Əsasən video dərsliklərdən istifadə etmişəm, bəzən kitablar oxumuşam bunlarla yanaşı isə mütəmadi olaraq bu sahədə marağımı çəkən məqaələləri oxumuşam.
Miflər
Bəzi şəxslər sizin hansısa sahəyə girməyinizə baryerlər yaradacaq. Burada məqsədləri yaxşı və pis olmasından asılı olmayaraq onlara qulaq assanız, yolunuzu azacaqsınız.
Bu miflərdən bəzilərini sadalayım.
Proqramlaşdırma öyrənmək üçün riyaziyyatı yaxşı bilməlisən.
Riyaziyyatı yaxşı bilməyin heç bir sahəyə ziyanı yoxdur. Məsələn fəhlə olsanız riyaziyyatı məgər pis bilməlisiniz?
Riyaziyyatı bilməsəniz 5 sətir, 6 sütun formasında düzülmüş kubikləri saymaq üçün bir-bir bir, iki, üç, dörd…afafssafsf edəcəksiniz,
Amma bilsəniz sətir və sütun sayını sayaraq 5-i 6-a vurub 30 kubik olduğunu dərhal öyrənəcəksiniz.
Bəs bilməsəniz, fəhlə işləmək olar?
Əlbəttə olar.
Proqramlaşdırmada da eynilə. Özümdən nümunə gətirim ki, Riyaziyyat mənim universitetlərə qəbul imtahanlarında ən zəif yazdığım fənn olub və işlədiyim 8 il boyunca 95 faiz istifadə olunan riyaziyyat toplama, çıxma, vurma və bölmə olub. Bunları bilmirsinizsə, qısa müddətdə öyrənib proqramlaşdırmaya başlaya bilərsiniz. O ayrı mövzudur ki, bəzi şaxələrdə riyaziyyata ehtiyac digər sahələrə baxdıqda daha çox ola bilər. Məsələn maşın öyrənməsi sahəsi məşğul olmaq istəyirsinizsə, riyaziyyatın bəzi bölmələrini yaxşı bilməyiniz lazımdır. Bu belə bütün riyaziyatı yaxşı bilməyinizi gərəkdirmir. Bir neçə mövzu var ki, sırf o mövzuları yaxşı öyrənmək lazımdır, bunu da sonradan da öyrənib həmin sahəyə başlaya bilərsiniz.
Alqoritmləri yaxşı bilməlisən.
Başlayanda alqoritmləri yaxşı bilməmək bu sahəyə başlamağa maneə deyil. Başladıqdan sonra müəyyən müddət keçdikdən sonra əsas məşhur alqoritmlərlə tanışlıqda fayda var. Onlar da əsasən sizə bəzi iş vakansiyalarında soruşulur deyə. Çünki həmin alqoritmləri iş həyatınız boyu demək olar ki, 1 dəfə də olsun 0-dan siz yazmayacaqsınız. Hazır yazılmış alqoritmləri götürüb öz işinizə tətbiq edəcəksiniz.
Filan dili öyrənməmişdən əvvəl behman şeyi öyrənmək lazımdır.
Məsələn Javanı öyrənmək üçün birinci C dilini öyrənməlisən, yaxud C#-ı öyrənmək üçün birinci C dilini öyrənsən daha yaxşı olar.
Bir dostumuz tələbə olarkən Java öyrənmək istəyirdi. Buna demişdilər ki, Javanı öyrənmək üçün C dilindən başlamaq lazımdır, bu da həftədə bir neçə dəfə Qubadan Bakıya dərsə gəlirdi C dilini öyrənsin, təbii ki, C dilinin mövzularını bitirməmiş ümumiyyətlə proqramlaşdırmanı öyrənməyi buraxdı.
Birinci Python ilə başlasan daha rahat olar.
Onu əsasən proqramçı olmayan şəxslərə tövsiyə edirlər ki, proqramlaşdırma ilə bağlı hansısa kiçik işinizi avtomatlaşdırmaq lazımdırsa, python nisbətən sintaksis baxımından asan görünür, götürün işinizi görün
Sözümün canı, hansı dili öyrənəcəksinizsə, o dili də öyrənin.
Uzaqdan iş, əlavə bacarıqlar.
CV necə hazırlanmalı
Adınız və Soyadınız olmalıdır.
Fotonun olmasına ehtiyac yoxdur. Gözəllik müsabiqəsinə CV göndərmirik.
Əlaqə məlumatlarınız, bitirdiyiniz təhsil müəssisələri, işlədiyiniz yerlər və orada gördüyünüz işlər 3-4 cümlə ilə hər iş yerinin aşağısında göstərilməlidir.
Ümumi bacarıqlarınız məsələn proqramlaşdırma dilləri, texnologiyalar və s. yazılmalıdır.
Hobbilər sizə maraqlı gələn işlərdir, sizin hobbiləriniz isə məncə şirkətlərə maraqlı deyil. 🙂
Təcrübəmiz yoxdursa və təcrübə proqramı tapa bilmiriksə nə etməli?
Strategiya qururuq.
Çoxlu bəsit proyekt yox, 1 və ya 2 bəsit olmayan proyekt hazırlayırsınız.
Proyekt ideyası ağlınıza gəlmirsə, açırsınız ChatGPT-ni və ona yazırsınız ki, mən işlərə müraciət edəcəyəm və təcrübəm yoxdur, ona görə də təcrübə əvəzinə işlədiyim proyektləri təcrübə kimi göstərəcəyəm, mənə proyekt ideyaları ver.
Bunları ingilis dilində yazırsınız. İngilis dilində bilmirsinizsə, bunları əvvəlcə tərcümə proqramına məsələn google translate proqramına yazırsınız, tərcümə etdikdən sonra ChatGPT-ə yazırsınız və oradan ideya götürürsünüz.
Sonra həmin proyekti hazırlayıb ərsəyə gətirirsiniz.
Kodları github.com saytına yerləşdirdikdən sonra, proyekti açırsınız və ekranın görüntüsünü çəkməyə başlayırsınız.
Səliqəli şəkildə düzəltdiyiniz proyekti izah edərək ekranın videosunu çəkirsiniz.
Bunun üçün Camtasia, OBS, Screenflow kimi proqramlardan istifadə edə bilərsiniz.
Çəkib montaj edib yutuba yerləşdirirsiniz.
İstəsəniz videonu unlisted edə bilərsiniz ki, yalnız kimdə videonun keçidi varsa, o birbaşa baxa bilsin, belə sizin yutub kanalınızda görünməsin.
Bu sizə lazımdırsa, edin, lazım deyilsə, əksinə daha çox insanın görməsi xeyrinizədirsə, etməyin.
Burada təqdimat önəmlidir.
Ona görə də proyektin görüntüsü sadə də olub nisbətən mürəkkəb funksionallıq icra edə bilər, lakin hər şey səliqəli olmalıdır. Ekranın görüntüsü oxunaqlı olmalıdır, proyekti yaxınlaşdırmağı yazdığınız səsin keyfiyyətli audio olmasına fikir verin.
Sonra işləmək istədiyiniz şirkətlərin siyahısını hazırlayırsınız, siyahı üzrə şirkətlərin müxtəlif əməkdaşlarına linkedində bağlantı göndərib tanış olursunuz, şirkətin mühiti ilə bağlı söhbət edib maraqlanırsınız.
Bu əməkdaş proqramçıdırsa və onla söhbətiniz tutursa, bu sizin üçün lap yaxşıdır.
Şirkətlərdəki vəziyyətlə bağlı ağlınızda fikir formalaşdırdıqdan sonra, həmin şirkətin rəhbər heyətlərinə bağlantı göndərirsiniz.
Onlarla bağlantıda isə fərqli formada danışırsınız.
Salam verib birbaşa məqsədinizi ifadə edirsiniz. Uzatmırsınız. Bütün demək istədiklərinizi bir mesajda göndərirsiniz.
Məsələn belə etməyin.
Salam, olar sizdən bir söz soruşum?
Yaxud, sizə bir sual versəm olar?
Məsələn yazırsınız ki,
Salam, sizin hədsiz məşğul olduğunuzu bilirəm ona görə də vaxtınızı almamaq üçün birbaşa mətləbə keçirəm. Sizin şirkətdə təcrübə proqramı keçmək istəyirəm, bu keçiddə(yutuba yerləşdirdiyiniz keçidi əlavə edirsiniz) mənim hazırladığım proyektin təqdimatı var, mənim nəyi bacardığımı bu proyekt sizə nümayiş etdirəcək. Dəyərli vaxtınızı ayırdığınıza görə minnətdaram.
Bu yaxınlarda snapçatda buna bənzər bir şey olmuşdu.
Bir nəfər snapçatın müdirinə birbaşa 1 cümləlik mesajda yazmışdı ki, salam, bilirəm vaxtınız yoxdur, sizin şirkətdə təcrübə keçmək istəyirəm.
O da gülərək cavab vermişdi ki, qəbul olunmusan, gələrsən.
Qarşıdakı insanın sizə sərf edəcəyi vaxtı azaldın ki, o da həmin vaxtı sərf etmək istəsin.
Bu sadə bir şeydir.
Məsələn mənə kimsə yazdıqda ki, olar sizə bir sual verim?
Mən təbii ki, o şəxsə cavab vermirəm, çünki bilirəm ki, uzadan insandır və bir sual min suala çıxa bilər.
Amma kimsə birbaşa konkret sualını verdikdə hətta ona 20 dəqiqə dayanmadan cavab yazdığım da olur.
Təqdimatın önəmi haqqında
Kosmik gəmi hazırlanan müəssisədə işləyən təmizlikçi qadından soruşurlar ki, siz burada hansı işi görürsünüz, deyir ki, mən insan oğlunun aya ayaq basmasına yardım edirəm.
Bizdə müğənnilərin çıxışlarına fikir vermisinzi?
Hamısı deyir xalqa xidmət edirəm, heç biri demir ki, toyda oxuyub 10 mini cibimə basıram.
Halbuki xidmətə baxsaq adi bir avtobus sürücüsü bir müğənnidən daha çox fədakarlıq və xidmət edir.
Neçə saat avtobusda oturub sürür, yeməyi də bəzən yeməyə vaxt tapmır, sükan arxasında yeyir.
Orxan Şahbazın danışıqlarından birində də xəstəxanada fəhlə işlədiyini müsahibə zamanı necə təcrübə kimi təqdim etməsi də uğurlu nümunədir.
-Hansı təcrübəniz var?
-Təsərrüfat işləri üzrə operator vəzifəsində işləmişəm.
-Hansı işləri görürdünüz?
-Ustaların hansı xidmət və məhsul ehtiyacını öyrənirdim, həmin məhsul və xidməti təmin etməklə məşğul idim.
Usta deyir suvaq hazırlamaq lazımdır.
Soruşuram ki, astar, yoxsa üzlük? Xidməti öyrəndim?
Gedib onu hazırlayıb gətirirəm məhsulu hazırladım, usta işlədikcə ona suvaq verirəm xidmətlə təmin edirəm.
Ortada yalan yoxdur.
Ortada heç bir yalan yoxdur, sadəcə bizdəki deyim var qeyri-etik səslənməsin deyə söz dəyişikliyi edərək deyim.
Elə bilin yoxdan konfet düzəldib ortalığa qoyursunuz.
Bəzəyərək təqdim etməkdə ayıb heç nə yoxdur.
Ayıb olsa idi, elə birinci şirkətlətə ayıb olardı ki, saytlarına girib gördükləri iş və məqsədlər bölməsinə baxsanız, heç biri yazmır ki, cibimizə işləyirik.
Proqram yazıb, pul qazanırıq.
Yox.
Hərəsi bir cür bəzəyir.
Deyək hansısa özəl şirkət hansısa dövlət qurumuna mobil tətbiq yazıb.
Saytlarında bunu necə təqdim edir?
Vətəndaş və filan dövlət qurumu arasında kommunikasiyanı daha yaxşı təmin etmək məqsədilə, əvvəlki kağız daşıyıcılardakı məlumat mübadiləsini innovativ həllimiz olan siltulla adlı mobil tətbiqimizlə operativ və heç bir yerə getmədən, 1 toxunuşla… və s.
Amma reallıqda görülən iş nədir?
Mobil tətbiq yazıblar, 1 dəfə işləyəndə, 5 dəfə işləmir.
Təqdimat çox önəmlidir.
İntervyulara necə hazırlaşmalı
Axtarış mühərriklərinə daxil olub işləmək istədiyiniz platforma, dil və s. adını yazıb ardınca interview questions yazıb onlara hazırlaşsanız kifayət edir.
Böyük şirkətlərə hazırlaşırsınızsa, alqoritmikadan leetcode.com kimi saytlardan hazırlaşmaq lazımdır.
İntervyulardan qorxmamaq istəyirsinzisə, çoxlu intervyuya girirsiniz heç birindən də umacağınız olmur.
Yəni siz intervyuya girirsiniz və əlinizdən gələni edirsiniz, sonra isə növbəti intervyuya girirsiniz.
Çoxlu intervyulara girdikdən sonra və heç birindən gözləntiniz olmadıqda, intervyu barədə qorxu da sovuşub getmiş olur.
Hər girdiyiniz intervyu, sizin intervyu təcrübənizi artırır.
Hətta ən sadə nümunə, özünüz haqqında 1-ci intervyuda nəyi danışım, necə danışım düşündüyünüz halda, 6-cı 7-ci intervyuda artıq avtomatik nəyi, necə danışacağınızı əzbər bilmiş olursunuz.
Çünki ən azı 6-7 dəfə bunu danışmısınız.
Hətta planlaşdırdığınız və xüsusi önəm verdiyiniz şirkətdə işləmək üçün müsahibəyə girəcəksinizsə, o müsahibəyə girməmişdən əvvəl bir neçə ayrı, sizin siyahınızda önəmi nisbətən az olan şirkətlə müsahibədə olun.
Sadə dildə desək sizin nəzərinizdə pis olan şirkətdən yaxşı şirkətə doğru ardıcıllıqla intervyuya girin.
Yaxşını sona saxlayın.
Əvvəlki intervyularda buraxdığınız səhvləri, bir daha buraxmayacaqsınız, qazandığınız təcrübələri, hiylələri sizə ən çox lazım olan intervyuda daha məharətlə istifadə edə biləcəksiniz.
Öyrəndiyiniz sahələrdə bağlı bloq yazın, video çəkin.
Bunların sizə həm öyrəndiklərinizi unutmamaq, həm də sizin portfolonuzu formalaşdırmaq baxımından çox xeyri olacaq. Bir mövzu haqqında bloq yazmaq, danışmaq, video çəkmək üçün ekspert olmağa ehtiyac yoxdur. Əksinə ekspertlər danışdıqları mövzuya hakim olsalar da o sahəni başqalarına çox vaxt izah edə bilmirlər. Nümunə üçün elmlər akademiyasının professorları var ki, abituriyentə mövzunu sadə dildə izah edə bilmir. Amma o professorun bildiyinin onda birini bilməyən məktəb müəllimi daha yaxşı başa salır. Yaxud bəzən kurs yoldaşı mövzunu daha yaxşı izah edir, çünki müəllim mövzunu bildiyi üçün bəzən yeni başlayanın hansı çətinliyi çəkdiyini unudur. Mövzunu bilir axı.
Gileylənməkdən, deyinməkdən, şikayətlənmkdən uzaq durun.
Bunlar sizə faydalı heç nə vermir.
Əksinə sizi geri salır.
Beyniniz inkişafa deyil, gileylənməyə fokuslanır və öz işini tamamladığını düşünür.
Deyinən insanları başqaları da çox xoşlamır.
Qəşəng deyim var, qaranlığı lənətləməkdənsə, bir şam yandırın
Şans yoxsa zəhmət.
Hər insanın qarşısına şans fərqli formada çıxır.
Məsələn Afrikada aclıq və susuzluq çəkən bir uşağın şansı olduğu yerdən daha böyük şəhərə getmək orada işləmək, özünə notbuk almaq, telefon almaq, sonra bu cihazlardan istifadə edərək özlərinin ingilis dili biliyini və proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək ola bilər.
Sizin şansınız isə notbukunuz var, telefonunuz var, hələ kursa getməyə pulunuz da var, yaxud sizə bununla bağlı dəstək ola biləcək ailəniz var, yaşamağa özünüzün və ya kirayə qala biləcəyiniz eviniz var.
Fürsətlər mütləq qarşınıza çıxacaq, əsas odur ki, fürsətlər qarşınızda çıxdıqda siz ona hazır olacaqsınız, yoxsa yox, məsələ odur.
Özünüzü hazırlamağa fokuslanmalısınız, fürsətlər sizin əlinizdə deyil, amma fürsət düşəndə sizin ona hazır olub-olmamağınız öz əlinizdədir.
Reallıq
Stresə dözümlülük.
İnternetdə paylaşımlarda çox yerdə rastınıza çıxacaq ki, alınmırsa, üstünə getmə.
Dincəl, əqli sağlamlıq hər şeydən önəmlidir və s.
Amma reallıq odur ki, uğur qazanmaq istədiyin hansı iş olur olsun stresli, ağrılı və əqli yorğunluqla dolu olacaq.
Dünyaşöhrətli uğur qazanmış bodybuilderi səhnədə görüb “mən də bodibilder olacağam” deyirsən və gedirsən zala, bir dəfə ağırlıq qaldırırsan, iki dəfə qaldırırsan, üçüncündə yorulursan və yoxe yox mənim əqli sağlamlığım hər şeydən vacibdir gedib dincəlməliyəm deyirsənsə, təbii ki, sən həmin bodibilder olmayacaqsan.
Stresi idarə etməyi öyrənmək lazımdır.
Bu bir dəfə ilə olmur, zamanla özünü tərbiyələndirdikcə mümkün olur.
Sevdiyin işi gör mifi
Steve Jobs da bu barədə çox danışıb, sevdiyi işi görmək barəsində.
Sevdiyin işi hobbi kimi gördükcə insana dəhşət zövq verir.
Lakin sevdiyin iş gündəik pul qazandığın işə döndükdə hobbidə sevərək etdiyin işdən əlamət qalmır.
Səbəbi odur ki, deyək ki, sən özün üçün kod yazanda istədiyin proqramlaşdırma dilində, xoşuna gələn qovluq strukturunda, kefinə düşəndə yazırsansa, pul qazanmağa gəldikdə fərqli və yorucu nüanslar ortalığa çıxır.
Məsələn korporativ dəyərləri yuxarı olan şirkət üçün iş görürsənsə onların dediyi dildə, onların müəyyən etdiyi strukturda və sənə qoyulan son tarixə qədər kodu yazıb təhvil verməlisən.
Hələ mən hansısa baqı axtararaq saatlarını ona sərf edib sonda da heç nə tapa bilməmə barədə danışmıram.
Yazıb təhvil verməklə də iş bitmir yazdıqların haqqında hər gün səhər danışmalısan nəyi necə etdin, bundan əlavə 2 həftənin sonunda yenə 2 həftəboyu nə etdiyini danışmalısan, kod yazarkən bir neçə adamdan məlumat almalısan, biri məlumatı gec verəcək, o birini tapa bilməyəcəksən, 1 sətir kod yaza bilməyin üçün bəzən 3-4 fərqli şəxsdən asılı olacaqsan ki, sənin suallarına vaxtında cavab versinlər, yaxud dokumentasiyanı oxuyub tətbiq edəsən və s.
Göründüyü kimi sevdiyin iş, əzablı işə dönür.
Məncə bu bütün sahələrdə belədir.
Bir dülgər özü üçün hansısa əşayı sevərək düzəldə, nazı ilə oynaya-oynaya onu ərsəyə gətirdikdə bu sevdiyi işdir.
Amma kiminsə evinin qapısını, pəncərəsini və s. müştərinin kaprizini çəkə-çəkə gördüyü iş əlbəttə əvvəlki hobbi deyil.
Qısası sevdiyimiz işi görək görməyinə, ikinci mərhələdə gördüyümüz işi sevək. Əks halda çətin olacaq.
Çünki hazırda barəsində həvəsli olduğun şey, 1 ay sonra həvəsli olmayacaq.
Zövq verən istənilən işin içinə pul girdikdə həzzdən əsər-əlamət qalmır.
Qısası bir sənətə yiyələnməyə fokuslanmaq lazımdır.
Həvəs ötəridir.
Lakin bu gün sənə çox zövq verməsə də maraqlı gələn şeyə sərf etdiyin əmək səni o sənətə yiyələndirəcək və sənə qalan o olacaq.
Nifrət etdiyin iş olsa belə ona zaman xərcləsən, o sahədə ustalaşacaqsan.
10 min saat prinspini bilirsiniz.
Bu prinsip deyir ki, istənilən bir işdə 10 min saat vaxt sərf etsəniz o işin ustası olursunuz, o sənət dərindən yiyələnirsiniz.
Təbii ki, burada saat hissəsi şərtidir, 9 min saat da olar. 🙂
Həvəsinizi hobbilərinizə saxlayın.
Dağa dırmaşmaq, kitab oxumaq, gəzmək, kino izləmək, musiqi dinləmək, film çəkmək(bu arada mənim dəhşət həvəsli olduğum hobbidir bu günlərdə) sizin həvəsli olduğunuz hobbi olsun.
Eqo və paxıllıq
Eqonun olması əslində pis bir şey deyil.
Diqqət etmək lazımdır ki, bu sizi geriyə aparan paxıllığa dönməsin.
Elvin hansısa yaxşı bir işi görməyi bacarıb.
Hər kəs Elvindən danışır, Elvin yaxşı pul qazanır, hörməti var.
Paxıllıq budur ki, kimsə sizin yanınızda Elvin haqqında danışanda sizin içinizdən gələn və bəzən həm də dilə gətirdiyiniz “Elvinin daydayı var, mənim də daydayım olsa edərdim”, “Elvin o sahəni bilmir, sadəcə gopa basır”, “Elvin kimdire, o gəlib o vaxt məndən ən sadə filan şeyləri soruşurdu” cavabları gəlirsə paxıllıq edirsiniz.
Və bu elə paxıllıqdır ki, sizə bir xeyri yoxdur, sadəcə ziyanı var.
Nə sizi irəliyə aparır, nə də sizin ətrafınızdakı insanlar önündə hörmətinizi artırır.
Çünki mən bir insan haqqında danışdıqda o cür reaksiya verən adam gördükdə avtomatik bilirəm ki, bu insan paxıllıq edir.
Biri də var fərqli formada eqo.
Mən deyirəm ki, Elvin bu, bu, bu şeylərə yiyələnib.
Mən bu şeyləri Elvindən də daha yaxşı edəcəyəm və etməyə davam edirəm.
Bu çox gözəl bir şeydir və cəmiyyəti də irəliyə aparır.
Siz Elvindən daha yaxşı iş görməyə çalışırsınız, sonra başqa biri sizdən daha yaxşı iş görməyə çalışır.
Bir növ sağlam rəqabət mühiti dediyimiz şeyə gəlib çıxır.
Əvvəldə dediyim paxıllıq isə sizin özünüzə ziyandır.
Siz əslində Elvinin haqqında pis danışıb onu geri salaraq ondan irəlidə olacağınızı düşünərək özünüzü aldadırsınız.
Elvin öz işində, siz isə sadəcə danışaraq beyninizi doydurursunuz, beyin də elə bilir ki, mən öz üzərimə düşəni etdim, inkişaf etmək üçün heç bir əlavə iş görmür. 🙂
Uğura çatmaq onu qoruyub saxlamaqdan daha asandır.
Uğura çatdıqdan sonra onu qoruyub saxlamaq çox çətindir.
Buna ən bariz nümunə Azərbaycanda bir nəfər də olsun iki dəfə dalbadal olimpiya çempionu olan şəxs olmamasıdır.
Bəlli mərhələyə çatdıqdan sonra da öz üzərimizdə işləməyi dayandırmamalıyıq, insan ölənə qədər öyrənən varlıqdır.
Öyrənməyi dayandırdığımızda ölürük.
Bu qədər. 👏
https://tural.pro saytından Azərbaycan və ingilis dilində olan yutub kanalıma abunə ola bilərsən, maraqlı janrda proqramlaşdırma ilə bağlı yaxın günlərdə keyfiyyətli videolar çəkib paylaşacağam.
Sual və cavab hissəni videodan izləyə bilərsən.
Gələn həftə görüşərik.
Özünə yaxşı bax!
Xoşuna gəldisə, dostlarınla paylaşsan şad olaram.
Haqqımda öyrənmək və əlaqə saxlamaq üçün 👉 https://tural.pro
Səs super, tv verilişlərində heç belə təmiz səs olmur👍